Göygöldə marketdən oğurluq edən Naxçıvan sakinləri tutuldu

Göygöldə marketdən oğurluq edən Naxçıvan sakinləri saxlanılıb. APA TV-nin qərb bürosunun xəbərinə görə, ötən il dekabrın 20-dən 21-nə keçən gecə Göygöl şəhəri Heydər Əliyev prospektində yerləşən marketlərdən birindən oğurluq edilib.

 

Obyekt sahibi isə oğurluqdan səhər saatlarında xəbər tutub. Marketi açmağa gələn sahibkar Maarif Məmmədov seyfdə olan külli miqdarda nağd pul və müxtəlif danışıq kartlarının oğurlandığını görüb: "Səhər gəlib otağıma keçəndə seyfin yerdə olduğunu gördüm. İçərisinə baxanda gördüm ki, orada olan 16 min 28 manat nağd pul və 2300 manat dəyərində konturlar oğurlanıb. Yalnız orada qalan 20 manat dəyərində qəpik pullar idi".

 

Dərhal hadisə yerinə cəlb olunan polislər ilkin istintaq-əməliyyat tədbirlərinə başlayıb. Göygöl Rayon Polis Şöbəsi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan sakinləri - 22 yaşlı Sultan Sultanlı və onun həmyaşıdı Asim İsmayılov saxlanılıb.

 

İlqar Əhədov, baş müstəntiq: "Qabaqcadan əlbir olub qrup yaradaraq özləri ilə götürdükləri dəmir parçası ilə birlikdə marketə daxil olublar. Oradakı seyfdə olan 20 min manata yaxın nağd pulu danışıq və kartlarını götürüblər".

 

Saxlanılan hər iki gənc törətdikləri əməli etiraf ediblər. Onlar bildiriblər ki, marketə damdan daxil olublar. Seyfi isə özləri ilə götürdükləri dəmir parçası ilə açıblar. Əldə etdikləri pulla Gürcüstanda bir neçə gün istirahət etdikdən sonra ölkəyə qayıdıblar.

 

Sultan Sultanlı, saxlanılan şəxs: "Dam örtüyünə çıxıb pəncərədən içəri daxil olduq. Kompüterlər olan stolun altında əldə düzəlmə kassa var idi. Onu dəmir parçası ilə açdıq. Orada 10 min manat dəyərində pul və konturlar var idi, onları götürdük". 

 

Asim İsmayılov, saxlanılan şəxs: "Əlimizdə dəmir parçası ilə içəri daxil olmuşduq. Oradan çıxandan sonra isə Gürcüstana getdik. Özümüzə paltar aldıq".

 

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb, istintaq aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli