Qonşusunu güllələyən: “Fikirləşdim ki, bunu vurmaq lazımdır...”
Abşeron rayonunda qonşunun qonşusunu güllələməsinin təfərrüatları məlum olub.
APA TV-nin xəbərinə görə, Saray qəsəbəsində yaşayan Kamran Babayev evinin qarşısından boyun və kürək nahiyəsindən aldığı güllə yaraları ilə xəstəxanaya gətirilib. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində onun qonşusu Qüdrət Kərimovun “Makarov” markalı tapançadan açdığı atəş nəticəsində yaralandığı müəyyən edilib. Sumqayıt Şəhər Xəstəxanasına yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir.
Cinayəti törətməkdə şübhəli bilinən Qüdrət Kərimov saxlanılıb. İstintaqa ifadə verən Qüdrət qonşusunu onu təhqir etdiyi üçün güllələdiyini bildirib. Belə ki, hadisədən bir gün əvvəl Kamran Babayev sərxoş vəziyyətdə Qüdrətə yaxınlaşaraq onu təhqir edib. Bu zaman qonşular əlbəyaxa dava da ediblər. Həmin vaxt Kamran üzərindəki bıçaqla Qüdrətə daxilə nüfuz etməyən xəsarətlər yetirib. Qonşular onları ayırıb. Amma Kamran Qüdrətə “sabah söhbətimizi davam etdirərik” deyib: “Vurmaq fikrim yox idi. Səhəri gün dedim ki, “Kamran, bu hərəkəti düz eləmisən?” Gördüm deyir ki, “vurmuşam, əcəb eləmişəm”. Baxdım ki, bununla söhbət eləməyə dəyməz. Ancaq onu fikirləşdim ki, bunu vurmaq lazımdır”.
Atasından qalan silahla qonşusu Kamran Babayevi güllələyən Qdrət Kərimov onu öldürmək istədiyini söyləyib: “Ancaq fikrim var idi ki, ölsün. O yerə gətirib məni çatdırmışdı. Yoxsa mən ailəmi fikirləşirəm. Mən silaha heç vaxt əl atmazdım. Məni o yerə çatdırdı. Bir kəlmə desəydi ki, içkili olmuşam, peşmanam, bilməmişəm, heç ona əlimi atmayacaqdım. Gördüm ki, söz başa düşmür, məcbur oldum”.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda başlanan cinayət işi üzrə araşdırmalar davam edir.