Ramil Həsənov: "Qırğızıstan və Azərbaycan Türkiyə ilə Rusiya arasındakı böhranın sona çatmasını istəyir"
“Azərbaycan və Qırğızıstan Türkiyə ilə Rusiya arasındakı böhranın aradan qalxmasını istəyir”. Bunu Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov Bişkekə səfəri çərçivəsində Türkiyənin “Anadolu” agentliyi və TRT telekanalına müsahibəsində deyib.
Qırğızıstan paytaxtında səfərdə olan Ramil Həsənov deyib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının builki fəaliyyəti və layihələri barədə məlumat vermək üçün Azərbaycan və Qırğızıstanın dövlət və hökumət nümayəndələri ilə görüşlər keçirir.
Görüşlərdə Türkiyə-Rusiya münasibətlərinin də müzakirə olunduğunu deyən Ramil Həsənov bildirib ki, həm Azərbaycan, həm də Qırğızıstan Rusiya təyyarəsinin Türkiyənin hava sərhədlərini pozduğuna görə vurulmasından sonra iki ölkə arasında yaranmış gərginlikdən üzgündür: “Qırğızıstan və Azərbaycan Türkiyə ilə Rusiya arasındakı böhranın sona çatmasını istəyir. Türkiyə bizim üçün qardaş ölkədir. Rusiya isə bizim uzun illər əməkdaşlıq etdiyimiz bir ölkədir. Rusiya və Türkiyə arasındakı böhranın nə bu ölkələrin özünə, nə də bölgə ölkələrinə faydası var. Bu bölgədə heç kim Rusiya və Türkiyə arasında gərginlik olmasını istəmir”.
Azərbaycan və Qırğızıstanda rəsmilərlə görüşlərindən əldə etdiyi qənaət barədə danışan Ramil Həsənov deyib ki, Bakı və Bişkek Rusiya ilə Türkiyə arasındakı problemlərin həllini arzulayır, bundan həm Türkiyə və Rusiyanın, həm də bölgə əhalisinin qazanclı çıxacağını hesab edir.