Bir həftədə ikinci dəfə Bakıya yararsız ət gətirmək istədilər

Yanvarın 24-də Aqil Əvəz oğlu Məmmədov və sürücü Nofər Novruz oğlu Yusifov Bakı şəhərinə satış üçün Ağcabədi rayonunun Aşağı Avşar kəndindən gətirdikləri 1100 kq-dan artıq mənşəyi məlum olmayan ət məhsulları aşkarlanaraq zərərsizləşdirilmişdi.

 

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən APA TV-yə verilən məlumata görə, aparılan tədbirlərə, edilən xəbərdarlıqlara baxmayaraq Aqil Əvəz oğlu Məmmədov və sürücü Nofər Novruz oğlu Yusifov öz çirkin əməllərindən əl çəkməyiblər. Onlar yenidən 1200 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərini və ət məhsullarını Bakı şəhərinə satış üçün gətirməyə cəhd edərkən yanvarın 29-da alınmış məlumat əsasında (içərisində ölmüş heyvan əti və at əti olduğu bildirilən) Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda saxlanılıblar.

 

Avtomaşın "Baytarlıq şəhərciyi"nə gətirilib, hissələrə ayrılmış heyvan cəmdəklərindən, sümüksüz ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına (RBL) təqdim olunub. RBL-nın ekspertizasına əsasən 24 nümunə ətdə və 2 nümunə daxili orqanda (işgənbə, ağciyər və qaraciyər) bakterioloji çirklənmə (BÇQB, stafılakokkus aureus) aşkar olunub. Biokimyəvi müayinələr (pH, peroksidaza və göy-daş reaksiyaları) zamanı isə 24 ət nümunəsinin və 2 daxili orqanın (işgənbə, ağciyər və qaraciyər) keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

 

Cəmdəklərin, daxili orqanların, baş-ayaqların, yelinin, qarın və quyruğun heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq fevralın 3-də cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv