Ermənilərin girov götürdüyü soydaşımızla bağlı şad xəbər

Erməni sərhədçilərin Gürcüstanda girov götürdüyü soydaşımız Allahverdi Pələngovla bağlı yaxın günlərdə şad xəbər olacaq. Bu barədə Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev APA TV-yə müsahibəsində deyib. O, prosesin detallarını açıqlamayıb, sadəcə deyib ki, Pələngovun Gürcüstana qaytarılması üçün diplomatik kanallarla iş aparılır.

 

Mahir Dərziyev artıq Ermənistanın qeyri-hökumət təşkilatlarının, hətta  keçmiş prezidentliyə namizəd Paruyr Ayrikyanın da bu prosesə qoşulduğunu deyib.

 

Millət vəkilinin sözlərinə görə, Gürcüstan hökuməti onun geri qaytarılması üçün lazımi addımları atır və hətta prosesə ölkənin daxili işlər nazirliyi də qoşulub.

 

Mahir Dərziyev hər gün sərhəd kəndlərində 1000-lərlə adamın eyni problemlə üzləşdiyini bildirib. Qafqaz Sülhməramlı Təşəbbüslər Mərkəzinin rəhbəri Georgi Vanyan isə APA-ya açıqlamasında Ermənistan və Gürcüstan sərhədlərinin delimitasiya və demarkasiya məsələsini 2011-ci ildən qaldırıldığını və bu məsələnin həll edilməməsi nəticəsində hər iki ölkənin insanlarının əziyyət çəkdiyini deyib: "Mən avqustun 17-də həbs olunan Allahverdi Pələngovu müdafiə edirəm. Dəfələrlə Ermənistanın aidiyyatı orqanlarına onunla görüş barədə icazə almağa cəhd etmişəm, lakin heç kim mənə cavab verməyib. Sərhədlər yoxdur və vətəndaşlarımız “sərhədi qeyri-qanuni keçmə” maddəsi ilə ittiham olunurlar. Bu işlərdə Rusiyanın, daha doğrusu, Kremlin əli var. Mən bunu təsdiq edirəm. Rusiyada yaşayanlar da bizim kimi adamlardır. Lakin onlar da KQB-nin, FSB-nin təsiri altındadırlar”.

 

G. Vanyan Allahverdi Pələngovla erməni dilində istintaq aparıldığını və bu istintaqın sənədlərinin erməni dilində yazıldığını, bu prosesdə tərcüməçinin olmadığını bildirib.

Müəllif | Apa.Tv