Cenevrədə keçirilən Suriya danışıqları dayandırıldı
Cenevrədə Suriya məsələsi üzrə aparılan danışıqlar fevralın 25-dək dayandırılıb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, bu barədə BMT baş katibinin Suriya məsələsi üzrə nümayəndəsi Staffan de Mistura açıqlama verib.
Onun sözlərinə görə, son danışıqlarda tərəflər humanitar problemlərin həllini nəzərdə tutan konkret məsələlər üzrə deyil, əsasən prosedur xarakterli müzakirələr aparıblar: “Bu fakt danışıqların sonu və ya iflasa uğraması kimi qiymətləndirilməməlidir. Danışıqlarda iştirak edən tərəflər birmənalı olaraq siyasi prosesin başlanmasında maraqlı olduqlarını bildiriblər. Əsas məsələ isə bizim Suriya məsələsi üzrə növbəti Cenevrə konfransında bir araya gəlməyimizdən ibarətdir. Ya bu görüş nəticə verəcək, yaxud biz danışıqlarda səsləndirdiyimiz fikirlərə bir o qədər də ciddi yanaşmırıq. İndi qarşımızda duran ən vacib məsələ budur”.
Suriya hökumətinin nümayəndələri danışıqların dayandırılmasında müxalifəti ittiham edib. BMT-nin Suriya məsələsi üzrə daimi nümayəndə heyətinin rəhbəri Bəşər Cəfərinin sözlərinə görə, Suriya prezidentinə yaxın qüvvələrin silahlıların Hələb yaxınlığındakı əsas təchizat kanallarını mühasirəyə almasından sonra müxalifət bu göstərişi Səudiyyə Ərəbistanı, Qətər və Türkiyədən alıb.
Qeyd edək ki, fevralın 3-də Danışıqlar üzrə Ali Komitə Hələbin şimalına aviazərbələr endirilməsinin dayandırılmasını tələb edib.