Türkməndağında 4 Rusiya və 4 Suriya generalı öldürüldü

APA TV-nin "Anadolu" agentliyinə istinadən xəbərinə görə, Suriya müxalifəti iddia edir ki, Suriyanın Türkiyə sərhədindəki Türkməndağı bölgəsində Rusiya və Əsəd rejimi generallarının bir araya gəldiyi toplantıya edilən hücum zamanı 8-i general olmaqla 15 hərbçi öldürülüb.

 

Məlumatda qeyd olunur ki, ötən gün bölgədəki müxaliflərə hücumların vəziyyəti və planlanmasını müzakirə etmək üçün axşam saatlarında Duveyrik və Selma arasında yerləşən ərazidə yüksək çinli hərbçilərin iştirakı ilə toplantı keçirilib. Suriyalı müxaliflər toplantıdan xəbər tutaraq həmin əraziyə basqın ediblər. Nəticədə 4-ü Rusiya və 4-ü Əsəd rejimi generalı olmaqla 15 hərbçi öldürülüb.

 

Öldürülən rus generallarından birinin Türkməndağına hücumları koordinasiya edən və adı Yuri olan general-leytenant olduğu bildirilir. Digər üç rus generalının isə general-mayor rütbəsində olduğu müəyyənləşib.

 

Hücum zamanı öldürülən Əsəd generallarının adları general-mayor Amid Munzur, general-mayor Ali Cabir və general-mayor Ali Umran olduğu bildirilir. Adının Adnan olduğu deyilən digər şəxsin də rütbəsi general-mayor olub.

 

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında isə fevralın 1-də Suriyada İŞİD-in hücumu zamanı bir rus hərbçisinin öldürüldüyü bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv