Novxanıda qətl törədən 21 yaşlı qızın məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən 1995-ci il təvəllüdlü Səringül Ramazanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı fevralın 18-ə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi 2015-ci il oktyabrın 10-u Novxanı qəsəbəsində baş verib. Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova xuliqanlıq zəminində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Məmmədovun boyun nahiyəsindən bıçaqla xəsarət yetirib.
Ağır yaralanan Anar Məmmədov maşına oturaraq özünü xəstəxanaya çatdırıb. Lakin yaralı çoxlu qan itirdiyindən, xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Xaçmaz rayon sakini, 1995-ci il təvəllüdlü Səringül Ramazanova barəsində qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.