“Azəryolservis”də ötən ilin yekunları müzakirə edildi

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində 2015-ci ilin yekunlarına və 2016-cı il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclas keçirilib.

 

APA TV-nin xəbərinə görə, iclas iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

 

Daha sonra cəmiyyətin akt zalında keçirilən iclası giriş nitqi ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov açıb. O, son bir il ərzində yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini bildirib.

 

Vurğulanıb ki, son illər sözügedən Dövlət Proqramları çərçivəsində respublikanın bütün bölgələrində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib. Bu çərçivədə kənd yollarının yenidənqurulması da xüsusi əhəmiyyət kəsb edir.

 

İclasda qeyd olunub ki, 2015-ci il ərzində 524,4 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları tikilib, yenidən qurulub, təmir olunub, 12 ədəd yeni avtomobil körpüsü tikilib, 2 ədədi  təmir edilib, 2 ədəd tunel və 7 ədəd piyada keçidi istismara verilib. O cümlədən regionlar üzrə ümumi istifadədə olan 213,3 km respublika əhəmiyyətli, 167,5 km yerli əhəmiyyətli olmaqla 380,8 km uzunluğunda avtomobil yolu tikilib,  yenidən qurulub, təmir olunub.

 

Sonda “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində uzunmüddətli, səmərəli əmək fəaliyyətini nəzərə alaraq bəzi əməkdaşlara mükafatlar təqdim edilib.

Müəllif | Apa.Tv
Apa.tv