Afaq Əliyeva: "Azərbaycanda "Zika virusu"na yoluxma ehtimalı yoxdur"
“Azərbaycanda "Zika virusu"na yoluxma ehtimalı yoxdur”. APA TV-nin xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, bu virus əsasən ABŞ və Braziliyada yayılıb: "Siz bilirsiniz ki, onun çox böyük fəsadları var. Doğulan uşaqlarda əqli inkişafdan geri qalma və sair problemlər yaradır. Əgər ana hamiləlik dövrində yoluxursa, ondan doğulan uşaqda belə fəsadlar əmələ gəlir. Bu xəstəliyi yayan Ayedis ağcaqanadlarıdır. Çox yüngül keçən bir xəstəlikdir. Lakin bunun sonra çox ağır fəsadları olur. Onlarda isti ölkədir hal-hazırda, orda ağcaqanadlar inkişaf edir və xəstəliyin yayılmasının şəraiti var. Bizdə isə Azərbaycanda bu dəqiqə qış ayıdır. Ağcaqanadların aktivlik dövrü deyil, eyni zamanda da bizdə yoluxmuş ağcaqanadlarımız yoxdur".
Afaq Əliyeva bildirib ki, Azərbaycanda epidemioloji vəziyyət stabildir. Onun sözlərinə görə, bu ilin yanvarında 300-dən çox şəxs müayinə olunub. Nəticədə Azərbaycanda “donuz qripi” qeydə alınmayıb. Ötən il isə 1400 nəfər üzərində müayinə aparılıb. Onların da arasında “donuz qripi”nə rast gəlinməyib. Afaq Əliyeva əlavə edib ki, Bakı, Mingəçevir və Sumqayıt şəhərlərində 417 uşaq bağçasında, 471 məktəbdə dezinfeksiya işləri başa çatdırılıb.
Direktor müavini qeyd edib ki, xəstəliklər haqda gündəlik məlumatlar toplanır. Eyni zamanda ağır keçirən xəstələrin yaxmaların götürülməsi üçün ləvazimatlar göndərilib. Direktor müavini Naxçıvanda "donuz qripi"nin yayılmasına da münasibət bildirib. Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında da epidemioloji vəziyyət tam sabitdir. “Naxçıvanda “donuz qrip”nin qeydə alınması barədə yayılanlar şayiədir. Təbii ki, orada da respirator viruslar aşkarlanır, amma “donuz qripi” qeydə alınmayıb. Heç kim şayiələrə inanmasın".