Prezident Obama ilk dəfə məscidə getdi
ABŞ prezidenti Barak Obama 7 illik prezidentliyi dövründə ilk dəfə məscidə gedib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, Obama Baltimor İslam İcmasına aid məscidə etdiyi ziyarətdən sonra açıqlama verib.
O, "əssalamu əleykum" deyərək İslamın sülh dini olduğunu qeyd edib: "Bura amerikalı müsəlmanların çox eşitmədiyi iki sözü deməyə, təşəkkür etməyə gəldim. Təşəkkürlər! Amerikadakı müsəlmanlar olaraq hamınız terror təhdidlərindən narahatsınız. ABŞ-da şiddətə məruz qalırsınız. Bütün Amerikan məktəblərində uşaqlar pis rəftarla qarşılaşır. Məscidlərə qarşı hücumlar olur".
Bir çox amerikalının həyatında bir dəfə belə məscidə getmədiyini qeyd edən Obama müsəlmanlardan bəzi məktublar aldığını deyib: "Onlar bu ölkədə özlərini ikinci sort vətəndaş kimi hiss edirlər. Xüsusilə də uşaqlar bundan daha çox təsirlənir. Mənim də uşaqlarım var. Mən belə mesajlar alanda öz uşaqlarımı düşünürəm".
ABŞ prezidenti Respublikaçılar Partiyasının İslam əleyhinə çıxışları ilə tanınan prezidentliyə namizədi Donald Trampa da mesaj göndərib: "11 Sentyabr və Paris hadisələrindən sonra terrorun dinlə əlaqələndirildiyini gördük. Bir inanca edilən hücum digər inanclara da edilmiş sayılır. Unutmamalıyıq ki, İŞİD-in qurbanları müsəlmanlardır. Amerikada heç bir müsəlman buna görə özünü ikinci sort vətəndaş kimi hiss etməməlidir".