Azərbaycan prezidenti Londonda “Suriyaya və regiona dəstək” konfransına qatılıb

Fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” konfransı işə başlayıb.

 

APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev BMT-nin baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının kansleri Angela Merkelin, Norveç Krallığının baş naziri Erna Solberqin və Küveyt Dövlətinin Əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə konfransda iştirak edib.

 

Böyük Britaniya, Almaniya, Küveyt, Norveç və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən konfransda Suriyaya təcili və uzunmüddətli yardımın təmin edilməsi, regionda humanitar və təhsil layihələrinin reallaşdırılması, böhrandan əziyyət çəkən qaçqınların sosial problemlərinin həll olunması, onları qəbul edən ölkələrə dəstək göstərilməsi məsələləri müzakirə edilib.

 

Azərbaycan prezidenti İlham Əliyev konfrans çərçivəsində Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirildi. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində, enerji, nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsində qarşılıqlı maraq ifadə olunub.

 

Azərbaycan prezidenti İlham Əliyev Böyük İpək Yolu və “Cənub” qaz dəhlizi layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb.

 

Söhbət zamanı birgə layihələrin reallaşdırılması ilə bağlı qarşılıqlı razılığın əldə edilməsinə dair fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv