Azərbaycan prezidenti Şabranda olub

Sentyabrın 28-də Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi çərçivəsində Şabran rayonu ərazisində inşa edilən Taxtakörpü su anbarı, 25 meqavatlıq Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışı olub. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

 

“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Azərbaycan prezidentinə və xanımına bu irimiqyaslı layihə üzrə aparılan işlər və mühüm hidrotexniki qurğular barədə ətraflı məlumat verib.

 

APA TV-nin xəbərinə görə, qeyd edilib ki, dövlət su anbarı və su elektrik stansiyası Dövlət Neft Fondundan ayrılan vəsait hesabına tikilib. Taxtakörpü su anbarının sahəsi 8,71 kvadratkilometrdir. Bu qurğunun ümumi su tutumu isə 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir.

 

Taxtakörpü su anbarında görülən işlərlə tanışlıqdan sonra dövlət başçısı və xanımı Taxtakörpü Su Elektrik Stansiyası və Taxtakörpü-Ceyranbatan su kanalının açılışında iştirak ediblər.

 

“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev dövlət başçısı İlham Əliyevə energetika qurğusu barədə məlumat verib. Qeyd olunub ki, ən müasir standartlara cavab verən su elektrik stansiyasında ümumi gücü 25 meqavat olan üç hidroaqreqat quraşdırılıb.

 

Dövlət başçısı Taxtakörpü Su Elektrik Stansiyasının dispetçer otağı ilə tanış olub. Prezident İlham Əliyevə stansiyanın iş rejimi barədə məlumat verilib.

 

Sonra Prezident İlham Əliyev Şabran rayon ictimaiyyətinin nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin əməkdaşları, konsorsiuma daxil olan tikinti şirkətlərinin mütəxəssisləri və inşaatçılar ilə görüşüb.

 

 

Müəllif | Apa.Tv