Sevinc Babayevanın oğlu tutuldu

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. 1 saylı Şəhər Kliniki Xəstəxanasından APA TV-yə verilən məlumata görə, xəstəxanaya  təcili yardımla gələn Günay Məmmədova ilkin ifadəsində həyat yoldaşı tərəfindən bıçaqlandığını bildirib.

 

Hadisəni Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ayxan Məmmədov törədib. Belə ki, o, mübahisə zəminində evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılan yaralı dərhal əməliyyat olunub. Xəstəxanadan APA TV-yə bildiriblər ki, hazırda xəstənin vəziyyəti qənaətbəxşdir.

 

Cinayəti törədən Ayxan Məmmədov hadisə yerindən qaçıb. Binəqədi Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbirləri keçiriblər. A.Məmmədov saxlanılaraq polis idarəsinə gətirilib.

 

Qeyd edək ki, A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. S.Babayeva "İnterpol" xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

 

Müəllif | Apa.Tv