Suriyaya 10 milyard dollar yardım toplandı

Londonda keçirilən konfransda Suriya üçün 10 milyard dollardan çox yardım toplanıb.

 

APA TV-nin məlumatına görə, BMT-nin baş katibi Ban Ki Moon bunu alqışlayıb və bildirib ki, beynəlxalq aləm heç vaxt 1 günə bu qədər vəsait toplamayıb.

 

Böyük Britaniya Suriya qaçqınlarına yardım üçün 2020-ci ilədək 1 milyard 750 min, Almaniya 2018-ci ilədək 2 milyard 500 milyon vəsait ayırıb. ABŞ isə 900 milyon dollar ayırmaqla ümumilikdə bu ölkəyə yardımını 5 milyard 100 minə çatdırıb.

 

Amma Rusiya bildirib ki, Suriya hökumətinin iştirakı olmadan Suriyaya yardımın müzakirəsi çətin olacaq.

 

Qeyd edək ki, fevralın 4-də Londonda Suriya ilə bağlı konfrans keçirilib. Məqsəd 5 illik münaqişədən zərər çəkənlər üçün 9 milyard dollar toplamaqdır. Konfransa 70-dək dünya lideri qatılıb. Onların arasında Azərbaycan prezidenti İlham Əliyev də var.

 

Suriya müharibəsində azı 250 min adam ölüb. BMT-nin rəhbərliyi ilə Cenevrədə Suriyanın hökumət və müxalifət nümayəndələri arasında keçirilən sülh danışıqları isə dayandırılıb. Danışıqlar fevralın 25-də bərpa olunacaq.

 

Müəllif | Apa.Tv