Neft sürətlə ucuzlaşır - 34,33 dollar

Dünya birjalarında neft yenidən ucuzlaşmağa başlayıb. APA TV-nin məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin dünən axşam saatlarında verdiyi açıqlamadan sonra qısa müddətdə təxminən 1 dollar bahalaşan neft Ankaradan gələn xəbərlərdən sonra sürətlə dəyərini itirib. Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konoşenkov Türkiyənin Suriya ərazisinə qoşun yeritməyə hazırlaşdığını açıqlayıb, daha sonra rəsmi Ankara bu xəbərləri təkzib edib. Hazırda birjalarda “Brent” markalı neftin 1 bareli 34,33 dollardan satılır. Bu, dünənki seanslarla müqayisədə 1 dollar ucuzdur. Qərbi Texas neftinin qiyməti də əhəmiyyətli dərəcədə aşağı düşüb. Hazırda WTI nefti 31,65 dollardan satılır. Treyderlər gün ərzində neftin qiymətinin daha çox siyasi xarakterli açıqlamalardan asılı olacağını ehtimal edirlər.

  

Müəllif | Apa.Tv
Apa.tv