Bakının "Quş bazarı"ndan REPORTAJ
İlk əvvəl ordan başlayaq ki, “Təzə bazar” adlanan bu bazar digər bazarlardan fərqli olaraq darısqal, səliqəsiz, lakin müştərisi bol olan bir yerdir. APA TV-nin məlumatına görə, bu həm də Azərbaycanın ev heyvanlarının yeganə satış bazarıdır. Hər bazar günü heyvan alıcıları və satıcıları bura toplaşaraq alqı-satqı edirlər. Bura ölkənin müxtəlif regionlarından ən nadir tapılan heyvan növləri gətirilir. İlk qarşılaşdığımız heyvanlar isə əsasən, paytaxt Bakı üçün xarakterik olan göyərçinlər oldu. Satıcılarla söhbət zamanı öyrəndik ki, daha çox alıcıların diqqətini çəkən göyərçinlərin özəl xüsusiyyəti sahibinin dilini bilməsi, onu hərəkətlərini anlamasıdır. 30 ildən artıqdır, evində göyərçin bəsləyib satan Teymur deyir ki, alıcılar əsasən yerli göyərçinlərə üstünlük verirlər. Satıçılardan onu da öyrəndik ki, alıcılar bazarda istənilən qiymətə göyərçin ala bilərlər. Burda qiymətlər 5 manatdan 200 manatadək dəyişir. Qiyməti baha olan göyərçinlər əsasən, ələ öyrəşən və sahibini tanıyanlardı. Qiymətləndirmədə göyərçinlərin vizual görünüşü də xüsusi rol oynayır.
Bazarda alıcıların ən çox baş çəkdiyi əsas məkanlardan biri də tutuquşuların satıldığı məkandır. Burda müxtəlif növ bülbüllərə, amadinalara, kanareykalara, tutuquşulara rast gəmək olar. Burada ölkəmiz üçün xarakterik olmayan tutuquşu növləri də az deyil. Satıcılardan öyrəndik ki, əvvəllər tutuquşular bura xarici ölkələrdən gətirilirdisə, hazırda burada onlardan bala alınır və həmin balalar xüsusi rejimdə bəsləndikdən sonra satışa çıxarılır. Tutuquşuların qiyməti isə 10 manatla 150 manat arasında dəyişir. Bazarda istənilən növ heyvanın yemlənməsi üçün qidalar əldə etmək mümkündür. Təkcə hər bir heyvanın deyil, elə heyvan cinsinin də özünə məxsus yemləri var. Xalq arasında “Quş bazarı” deyilən bu bazarda satıcıların və alıcıların bir-sıra problemləri mövcuddur. Satıcıları deyir ki, bazarda müvafiq şəraitin olmaması alveri ciddi təsir göstərir. Satıcılar bazarda tərpənməyə yer olmadığını deyirlər. Düzdür, alıcı sıxlığı var, amma bu sıxlıq heyvan satışı üçün ayrılan yerin darısqallığı ilə izah olunur. Elə müşahidələrimiz də bunu təsdiqlədi. Nəinki bazarın içi, hətta giriş-çıxışlar da satıcılar tərəfindən zəbt edilmişdi. Darısqallıqdan narazı olan satıcılar nə zamansa onların da üzünə gün doğacağı ümidi ilə bu bazara üz tuturlar. Buranı tərk etmək ağıllarından belə keçmir. Axı onlar çörək pulunu bu süni piştaxtalardan çıxarırlar. Bazar rəhbərliyindən isə bildirdilər ki, bazarın genişləndirilməsi və ya yenidən qurulması məsələsi hələlik gündəmdə deyil. Çünki sözü gedən ərazi paytaxtın mərkəzində yerləşdiyindən onun ərazisinin genişləndirilməsi mümkünsüzdür.