Vergilər Nazirliyində kadr islahatları: 5 idarə rəisi dəyişdi, nazirin 7 müşaviri işdən çıxarıldı

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi baş verib.

 

APA TV-nin məlumatına görə, Asəf Əsədov, Akif Musayev, Mahir Rəfiyev, Asif Cahangirov, Rəhim Əfəndiyev, Namiq Quliyev və Müşavər Nəbiyev vergilər nazirinin müşaviri vəzifəsindən azad olunublar.

 

Bundan başqa, Taryel Aydın oğlu Quliyev vergilər nazirinin yeni müşaviri təyin olunub. Bu təyinata qədər T.Quliyev Vergilər Nazirliyi Daxili təhlükəsizlik Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

 

Qeyd edək ki, kadr dəyişikliyinə qədər nazirin 13 müşaviri olub. Hazırda onların sayı 7-yə endirilib.

 

Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi də dəyişib. Baş İdarənin rəisi Natiq Şirinov Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi təyin olunub. Onun yerinə isə Samirə Musayeva təyin edilib. S. Musayeva bunadək Vergilər Nazirliyinin Hüquq Baş İdarəsinin rəisi olub. Bu idarənin rəisi vəzifəsi isə Zeynalabdin Məmmədzadəyə həvalə olunub. Buna qədər Z.Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi olub.

 

Nazirlikdə kadr dəyişikliyi bununla da yekunlaşmayıb. İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyi Daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib. Buna qədər İlqar Əhmədov Vergi auditi və operativ nəzarət Baş İdarəsinin rəisi olub. Bu vəzifə isə Toğrul Quliyevə tapşırılıb.

Müəllif | Apa.Tv
Apa.tv