Azərbaycan prezidenti Londonda “Suriyaya və regiona dəstək” konfransında çıxış edib
“Biz Suriya qaçqınlarının halına çox acıyırıq. Müstəqillik illərində - 1990-cı illərin əvvəlində qonşu Ermənistan Azərbaycana qarşı təcavüz edəndə Azərbaycan özü humanitar fəlakət və böhrandan əziyyət çəkib. Bu təcavüz nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal olundu. Biz etnik təmizləməyə məruz qaldıq. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü”.
APA TV-nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Londonda “Suriyaya və regiona dəstək” konfransı çərçivəsində keçirilən “Təhsil” mövzusunda sessiyada çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, bu, həqiqətən də humanitar fəlakət idi: “O zaman ölkəmiz çox gənc və kasıb idi. Həmin vaxt adambaşına düşən qaçqın sayına görə ən yüksək göstərici olan səkkiz milyon əhalidən bir milyonu evsiz və işsiz qalaraq, yaşayış imkanlarından məhrum olmuşdu. Biz beynəlxalq humanitar təşkilatlara, xüsusilə tariximizin çətin məqamında bizə dəstək olan BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına minnətdarıq”.
Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycan özü donor ölkədir: "Biz Suriya qaçqınları da daxil olmaqla maliyyə yardımını təmin edirik. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs rejimi müəyyən edilib. Əfsuslar ki, o vaxtdan bəri danışıqlar masası ətrafında bu münaqişənin həlli ilə bağlı ciddi irəliləyişə nail olunmayıb. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, 20 ildən artıqdır ki, Ermənistan tərəfindən bu qətnamələrə məhəl qoyulmur".
Dövlət başçısı qeyd edib ki, 1994-cü ildə atəşkəs razılığının əldə olunması Azərbaycana inkişaf etmək imkanını verdi: "O vaxtdan bəri Azərbaycanın inkişafı çox sürətli olub. Biz demək olar ki, 250 min qaçqını lazımi ev şəraiti ilə təmin edə bildik. Bizdə qaçqınlar da daxil olmaqla 100 faiz savadlılıq səviyyəsi var. On il bundan əvvəl qaçqınların təxminən 70 faizi yoxsulluq şəraitində yaşayırdı. İndi isə qaçqınlar arasında yoxsulluq səviyyəsi yalnız 12 faiz təşkil edir. Ümumilikdə işsizlik və yoxsulluq 5 faizdir. Mən bu göstəriciləri nəyə görə sizin diqqətinizə çatdırıram? Çünki ölkə yalnız sabitlik və sülh şəraitində inkişaf edə, böyük çətinliklərin öhdəsindən gələ bilər".
Azərbaycanın Suriyada humanitar inkişafa artıq töhfə vermiş və verəcək ölkələr arasında olduğuna diqqət çəkən prezident İlham Əliyev qeyd edib ki, münaqişələrin tənzimlənməsində ən əsası sülh, atəşkəs, siyasi həllin tapılmasıdır: "Yalnız bundan sonra iş yerləri açılacaq, təhsil istənilən səviyyədə olacaq və insanlar öz gələcəyinə inanmağa başlayacaqlar. Biz bu böyük iqtisadi və sosial çətinliklərdən əziyyət çəkmiş bir ölkə kimi buna necə nail olmağın yolunu bilirik. Biz iş yerlərinin yaradılmasında təcrübəmizi paylaşa bilərik. Son on illikdə Azərbaycanda 1,5 milyon iş yeri yaradılıb. Biz təhsil sahəsindəki təcrübəmizi də paylaşa bilərik".
Dövlət başçısı ölkəmizdə 3 mindən çox məktəb inşa edilmişdir və dediyim kimi, Azərbaycanda 100 faizlik savadlılıq səviyyəsinə nail olunduğunu diqqətə çatdırıb: "Humanitar böhranın idarə olunması üzrə təcrübəmizi də paylaşa bilərik və biz bunu edəcəyik. Lakin ən önəmlisi sülhdür. Buna görə də Suriya böhranı üzrə siyasi həllin mümkün qədər tez tapılması bizim gündəliyimizdə duran bir nömrəli məsələdir. Əminəm ki, bu gün apardığımız müzakirələr həmin siyasi həllin tapılmasında öz vacib rolunu oynayacaqdır. Bu gün Azərbaycan əsaslı maliyyə və iqtisadi potensialı olan bir ölkə kimi buna sülh deyil, yalnız atəşkəs şəraitində nail ola bilib".