Hələb boşalır: qaçqınlar Suriya-Türkiyə sərhədinə axışır
"Hizbullah" qruplaşması və İran Silahlı Qüvvələrinin hücumları və əraziyə endirilən hava zərbələri səbəbindən Hələb şəhəri ətrafındakı rayonların minlərlə sakini öz evlərini tərk etmək məcburiyyətində qalıb.
APA TV-nin xəbərinə görə, indiyədək Hələb şəhərini minlərlə insanın ölümü ilə nəticələnən aviazərbələr səbəbindən 70 000-dən çox suriyalı tərk edib.
Öz növbəsində Türkiyə hökuməti regionda yaşananlar, eləcə də bilavasitə Suriyada törədilən hərbi cinayətlərdə rəsmi Moskvanı ittiham edib. Rusiya da Türkiyənin ünvanına analoji ittihamlarla çıxış edib.
Kreml Türkiyəni Suriya müxalifətini dəstəkləməkdə, eləcə də bu ölkədə yerüstü hərbi əməliyyatların keçirilməsinə hazırlaşmaqda günahlandırıb.
Türkiyənin Suriya ilə sərhədinə qaçqınların axını isə səngimir. Hazırda ərazidə minlərlə suriyalının Türkiyə sərhədini keçmək üçün öz növbəsini gözlədiyi bildirilir.
Bu arada Suriya ordusu ölkənin şimalında yerləşən Dəraa Ataman şəhərinə daxil olub. Bundan öncə isə ordu qüvvələri paytaxt Dəməşqin 70 kilometrliyindəki strateji cəhətdən əhəmiyyətli Şeyx Miskin şəhərini geri qaytarmağa müvəffəq olub. Üsyançıların tərk etməsindən sonra şəhər hazırda xarabalığı xatırladır.