Ərdoğan: “Rusiya Suriyada öldürdüyü insanların hesabını versin”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya rəsmilərinin Ankaranın Suriyaya qarşı hərbi əməliyyatlara hazırlaşması barədə iddialarına cavab verib.
APA TV-nin məlumatına görə, Ərdoğan Seneqalda keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiyanın bu yanaşma tərzini gülüşlə qarşılayır: “Rusiya əvvəlcə Suriya sərhədləri içərisində öldürdüyü insanların hesabını versin. Əsəd rejimi ilə birlikdə öldürdükləri insanların sayı 400 min nəfərə çatıb. Rusiya Suriyada işğalçılıq siyasəti yürüdür”.
Ərdoğan bəyan edib ki, əslində Suriyada Əsəd rejimi bitib. Onun sözlərinə görə, hazırda Suriya ərazisi İŞİD və digər terror təşkilatları arasında bölüşdürülüb. Türkiyə prezidenti deyib ki, ölkəsi təhdid altındadır: “Bizim Suriya ilə 911 kilometrlik sərhədimiz var. Rusiyanın, İranın sərhədi varmı? Onlar orda nə edir? Dedikləri budur ki, bizi Əsəd çağırıb. Hər çağırılan yerə getməzlər. Çünki orda dövlət terroru həyata keçirən Əsəd var. Zalımdır, qatildir. Ona dəstək verən də o suça ortaqdır”.
Rəcəb Tayyib Ərdoğan məlumat verib ki, Türkiyəyə Suriyadan 2 milyon 700 min, İraqdan isə 170 min qaçqın gəlib. Onun sözlərinə görə, indiyədək Türkiyənin dövlət büdcəsindən qaçqınlar üçün 9 milyard dollar xərclənib.