Göyçayda 200 yaşlı su dəyirmanı - REPORTAJ

Su dəyirmanları tarixən xalq arasında xeyir-bərəkət rəmzi kimi dəyərləndirilib. Deyilənə görə, dəyirman haram götürmür və onun suyunu kəsən, onu çirkləndirən şəxs həmişə el arasında qarğış sahibi olur. Hələ Neolit dövründə Azərbaycanda taxılın una çevrilməsində sadə dən daşlarından istifadə olunub. Taxılçılığın inkişafı nəticəsində əl dəyirmanlarını sonradan su dəyirmanları əvəz edib. Su dəyirmanları bəşər tarixində mühüm ixtiralardan biri kimi qiymətləndirilir. Su dəyirmanlarının ilk vətəni də Azərbaycan hesab edilir.

Hazırda Azərbaycanın bir neçə rayonunda qədim tarixə malik olan su dəyirmanları mövcuddur. Lakin, onlardan bir çoxu hazırda işləməsə də Göyçayın Aşağı Qaraməryəm kəndindəki su dəyirmanı bu gün də insanlara xidmət göstərir. 200 ilə yaxın yaşı olan və Dəvəbatan çayının sahilində yerləşən “Muxtaroğlu” su dəyirmanı istehsal etdiyi məhsulun keyfiyyətinə görə bir çox insanın diqqətini çəkir. Dəyirmançı Şirzad Cəbiyev deyir ki, digər müqəddəs yerlərimiz kimi bu su dəyirman da vaxtilə ermənilərin qəddarlığının qurbanı olub.

Hazırda ətraf kəndlərdəki dəyirmanlar işləmədiyi üçün yerli taxılçılar öz məhsulunu yalnız bu dəyirmana gətirmək məcburiyyətində qalıblar. Kəndlilərin unla yanaşı, mal-qara üçün yem istehsal etmək məqsədilə bu dəyirmana gəldiyini qeyd edən dəyirmançı payız və qış aylarında sifarişlərin daha çox olduğunu bildirir.

Bu su dəyirmanını qədim tarixə malik abidə kimi yaşadan kənd sakinləri onu qoruyub gələcək nəsillərə çatdırmağı özlərinə borc bilirlər.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov