Hövsanda üç maşın toqquşdu: 3 yaralı
Bakıda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbə ərazisində "VAZ-2107", BMW və “Opel” markalı minik avtomobilləri toqquşub. Toqquşma nəticəsində "VAZ-2107" markalı avtomobil alışıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib. Maşının yanar hissələri yanıb. Digər avtomobillər isə yanğından mühafizə olunub.
3 saylı Şəhər Klinik Xəstəxanasından APA TV-yə verilən məlumata görə, qəza nəticəsində bura üç yaralı gətirilib. Bunlar Hakim Əkbərov, Nərəngiz Niyazova və onun qızı Esmira Niyazovadır. Onların toqquşan avtomobillərdən hansında olduğu hələlik məlum deyil.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. Qəzanın səbəbləri təyin edilmiş avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.