Qax sakini benzin tökərək evini yandırıb
Qax rayonunda Qarabağ müharibəsi əlili yaşadığı mənzili yandırıb. Hadisə rayonun Valid Eyvazov küçəsində, Qarabağ müharibəsi və şəhid ailələri üçün tikilmiş 2 mərtəbəli yaşayış binasında baş verib. 1975-ci il təvəllüdlü Qax şəhər sakini, Qarabağ müharibəsi əlili Qadaşov Sahib Sabir oğlu həmin binanın yaşadığı mənzilində içkili vəziyyətdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı o, 1 otaqlı, ümumi sahəsi 60 kv.m. olan mənzilə benzin tökərək od vurub. Sahib Qadaşov həyat yoldaşı Yeganə Qadaşovanı və azyaşlı qızını yanan mənzildə tərk edərək pəncərədən həyətə tullanıb. Pəncərədən tullanarkən ayağı sınan Sahib Qadaşov Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Yeganə Qadaşova və azyaşlı övladı qonşularının köməyi ilə yanan mənzildən çıxarılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının başqa mənzillərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı FHN Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsində və Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.