İqtisadiyyat naziri Göyçay ictimaiyyəti ilə görüşdü
İqtisadiyyat naziri Şahin Mustafayevin ictimaiyyət nümayəndələri ilə növbəti görüşü fevralın 5-də Göyçay rayonunda keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, açıq dialoq şəraitində baş tutan görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri və sahibkarlar iştirak edib.
Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev son illər rayonda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.
İqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, sahibkarlığın inkişafı, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, investisiyaların təşviqi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması sahəsində qəbul edilmiş qərarlar özəl bölmənin inkişafında mühüm əhəmiyyət kəsb edir.
Şahin Mustafayev qeyd edib ki, qarşıdakı illər üçün hər bir regionun iqtisadi potensialı və əhalinin məşğulluq səviyyəsi nəzərə alınmaqla ilkin dəyəri 1,5 milyard manat olan 150-dən çox investisiya layihəsi hazırlanıb. Bu layihələrin icrasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri, yerli və xarici investisiyalar cəlb olunacaq və bölgələrdə istehsal, emal və digər müəssisələr yaradılacaq.
Görüşdə bir sıra problemlərlə bağlı müraciətlər və təkliflər səsləndirilib. Nazir Şahin Mustafayev bəzi məsələlərin yerindəcə həlli barədə müvafiq tapşırıqlar verib, qaldırılan digər məsələlərin araşdırılacağını və həlli üçün müvafiq tədbirlərin görüləcəyini bildirib.