"Azəryolservis" onlarla Nardaran sakinini işlə təmin edib

Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədilə işlər davam etdirilir.

 

“Azəryolservis” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi üçün “Azəryolservis” tərəfindən qəsəbənin Abşeron küçəsinin yenidən qurulması işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla sürətlə davam etdirilir.

 

Qeyd edək ki, küçənin uzunluğu 2,2 km, mövcud eni isə ortalama 8 metr idi. Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı və hər iki istiqamət üzrə 2 metr enində geniş piyada səkiləri olmaqla 18 metrə çatdırılır. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılır. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilir. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin (qaz, işıq, rabitə, su və kanalizasiya) çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.

 

Abşeron küçəsinin yenidən qurulması işləri çərçivəsində Nəsrulla Əsgərov küçəsi ilə kəsişmədə 10 metr diametrində dairə inşa edilir. Dairənin kənarlarına səki daşları düzülərək, içərisi asfaltlanır. Yaxın müddət ərzində N.Əsgərov küçəsində də yenidən qurma işlərinə başlanılması planlaşdırılır.

 

Nardaranda küçələrin yenidən qurulması istiqamətində aparılan təmir-tikinti hesabına onlarla işsiz qəsəbə sakini yeni iş yeri qazanıb. Bununla da “Azəryolservis” ölkə rəhbərliyinin qəsəbədə yeni iş yerlərinin açılaraq, insanların həyat şəraitinin yüksəlməsi istiqamətində atdığı addımlara öz töhfəsini vermiş olub.

 

 

Müəllif | Apa.Tv
Apa.tv