Rəsmi Kiyev: Türkiyə Krım danışıqlarında iştirak etməlidir

Ukraynanın xarici işlər naziri Türkiyənin Krım danışıqlarına qatılmasını istəyib. APA TV-nin Türkiyə saytlarına istinadən xəbərinə görə, Pavel Klimkin Rusiyanın iki il öncə ilhaq etdiyi Ukraynanın Krım yarımadası ilə bağlı nəzərdə tutulan görüşmələrdə Türkiyənin iştirakının da vacib olduğu söyləyib.

 

Klimkin jurnalistlərə açıqlamasında bildirib ki, Şərqi Ukraynadakı Rusiya tərəfdarı olan  separatçılarla aparılan müharibənin sülh yolu həll edilməsində həyata keçirilən müzakirələrə bənzər formada Krım məsələsinin də beynəlxalq səviyyədə müzakirəsi lazımdır. Bu müzakirələrə Türkiyənin və beynəlxalq təşkilatların da qatılması vacibdir.

 

Ukraynalı nazir 13 fevralda Almaniya, Fransa, Rusiya və Ukrayna liderlərinin Münhendə baş tutması planlanan toplantısında Krım məsələsini gündəmə gətirməyə hazırlaşır.

 

Qeyd edək ki, Avropa Parlamenti 4 fevral tarixində Rusiyanı Ukrayna ilə birlikdə Krım məsələsində müzakirələrə başlamağa dəvət edib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv