Tayvanda zəlzələ: 17 mərtəbəli bina uçdu
Tayvanın cənubundakı Taynan şəhərində yerli vaxtla səhər saat 04.00-da 6.4 bal gücündə zəlzələ olub.
APA TV-nin məlumatına görə, azı 300 zərərçəkən xəstəxanalara yerləşdirilib.
Dağıntıların miqyası barədə tam məlumat hələ ki, verilmir. Məlumdur ki, yeraltı təkanlar əhalisi 1 milyon 800 min nəfər təşkil edən Taynan şəhərində azı 5 böyük binaya zərər vurub. Burada 17 mərtəbəli binanın qismən uçduğu, 160 nəfərin dağıntılar altından çıxarıldığı bildirilir.
Şəhərdəki ticarət mərkəzlərinin birində 70-dək insan köməksiz vəziyyətdə qalıb, onlardan 45-i xilasedicilər tərəfindən evakuasiya olunub. Bundan başqa, Taynanda 7 mərtəbəli bina və bir neçə xırda tikili qismən dağılıb.
Zəlzələnin yerin 10 km dərinliyində baş verdiyi, 40 saniyə davam edən yeraltı təkanların zəlzələ mərkəzinə 300 km məsafədəki paytaxt Taypeydə də hiss edildiyi bildirilir. 2 milyon əhalisi olan şəhərdə başqa binalarda da dağıntı olduğu bildirilir.
Tayvanın prezidenti Ma İn Çzyu təbii fəlakətin baş verdiyi Taynan şəhərinə gedib.
1999-cu ildə Tayvanda baş vermiş 7.6 ballıq zəlzələ nəticəsində 2 300-dən artıq ölən olmuşdu.