Türkiyə qapını bağladı: on minlərlə suriyalı sərhəddə gözləyir

Ölkəyə kütləvi qaçqın axınının qarşısını almaq məqsədilə cümə günündən etibarən Türkiyə tərəfi Suriya ilə sərhəddə yerləşən Bab əl-Malam nəzarət-buraxılış məntəqəsini keçid üçün bağlayıb.

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, sözü gedən sərhəd qapısında hələ də Hələbi tərk edən on minlərlə suriyalı Türkiyə ərazisinə keçmək üçün növbə gözləyir.


Hazırda həmin ərazidə intensiv döyüşlər gedir. Hökumət qüvvələri rus aviasiyasının dəstəyilə ölkənin şimalındakı ərazisinə görə ən iri şəhər üzərində nəzarəti bərpa etməkdə qərarlıdır. Əldə olunan məlumatlara görə, şəhər hazırda prezident Bəşər Əsədə sadiq qüvvələrin mühasirəsindədir.

 

Bir gün öncə paytaxt Dəməşqdən gələn xəbərlərə görə, Əsəd tərəfdarları dörd ildən çoxdur ki, müxtəlif qruplaşmaların əlində olan yaşayış məntəqələri üzərində nəzarəti bərpa etməyə müvəffəq olub. Bu arada Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriyadakı humanitar böhranın yeni dalğası ilə bağlı narahatlığını ifadə edib.


Qurumdan bildirilib ki, bölgədə gedən intensiv hərbi əməliyyatlar və Türkiyədən əraziyə humanitar yardım gətirilməsində istifadə olunan əsas marşrutların blokadaya alınması bura humanitar yardımların çatdırılmasını mümkünsüz edib.

Müəllif | Apa.Tv
Apa.tv