Samir Şərifov: "Büdcə vəsaitlərinin mənimsənilməsi ilə amansız mübarizə aparmalıyıq"

Maliyyə naziri  Samir Şərifov bu gün Sabirabad şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

 

APA TV-nin Mil-Muğan bürosunun xəbərinə görə, Sabirabad Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək, kənd təsərrüfatı sektorunda gedən inkişafdan, yeni salınan körpülərdən, kəndlərarası yollardan, təhsil və səhiyyə müəssisələrinin açılmasından və bir sıra infrastruktur sahələrdə görülən işlərdən danışıb.

 

Daha sonra çıxış edən nazir Samir Şərif bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, müxtəlif sahələri əhatə edən irimiqyaslı layihələr həyata keçirilib: “Uzun müddət Azərbaycanın maliyyə dayanıqlılığı qorunub saxlanılıb. Lakin dünyanın enerji bazarında yaranmış təlatümlər, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin 4 dəfə düşməsi milli valyutanın devalvasiyasına səbəb oldu. Bu da ölkənin iqtisadi mənzərəsinə mənfi təsir göstərdi. Prezidentin göstəriş və sərəncamları bizdən çevik tədbirlər görməyi tələb edir. Neftin qiymətinin aşağı düşməsi dövlət büdcəsinə yenidən baxılması zərurəti yaradıb. Artıq yeni büdcə layihəsi hazırdır və Milli Məclisin müzakirəsinə təqdim olunub”.

 

Sonda görüş diskussiya şəraitində davam etdirilib.

 

Görüşdən sonra jurnalistlərə açıqlama verən Samir Şərifov Maliyyə Nazirliyi tərəfindən maliyyə nəzarətinin gücləndirilməsi zərurətindən söz açıb: "İndiki şəraitdə məlum səbəblərə görə bizim gəlirlərimiz azalıb. Ona görə də hər bir  qəpiyimizə böyük diqqətlə yanaşmalıyıq, israfçılığa və izafi xərclərə lüzumsuz xərclərə imkan verməməliyik. Dövlət büdcəsinin vəsaitlərinin qanunsuz yolla mənimsənilməsi halları ilə amansız mübarizə aparmalıyıq".

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı