Xaçmazda iki kəndi birləşdirən körpü dağılıb

Xaçmazın Ağyazı-Buduq və Alıc-Qışlaq kəndlərini birləşdirən körpü ötən ilin payızında Ağçaya gələn sel suları nəticəsində dağılıb. Nəticədə sakinlərin rayon mərkəzinə, eləcə də təsərrüfatlarına gediş-gəlişində problemlər yaşanır.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, körpüdən 3 kəndin 1000 nəfərə yaxın sakini istifadə edir. Hazırda  onlar rayon mərkəzində gəlmək üçün 30 km-dən artıq məsafə qət etmək məcburiyyətində qalıb.

 

Vaqif Əhmədov, kənd sakini: "Seldən sonra mən də 28 km fırlanıram Xaçmaz rayonundan. Orda da çayın içində bir yol var, getmək olmur, maşın batır, əziyyət çəkirik. Torpaqlarım var Alıcqışlaq kəndində, becərməyə vaxt itkisi gedir. Burdan olsa, yaxşı olar. Vaxta, yanacağa qənaət edərik. Seldən sonra çox əziyyət çəkirik".

 

Ələkbər Mustafayev, kənd sakini: "Bu gün kəndimizdə iki yas yeri var. Qonşu kənddən heç kim yas yerinə gələ bilməyib. Bir dəfə bir maşın gəlib burdan aşıb. Neçə gün qaldı, gəlib kranla qaldırıb çıxardılar, neçə nəfər xəsarət aldı. Kənddə bir ev yandı, yanğınsöndürənlər gəlib çıxa bilmədi. 28 km yolu təzədən qayıdıb gələnə kimi ev əşyaları ilə birlikdə yandı. Əlaqədar təşkilatlardan xahiş edirəm bizə köməklik eləsinlər".

 

Çingiz Nəzərov, kənd sakini: "Bu gün prezidentin səyləri nəticəsində ölkəmizdə böyük quruculuq işləri gedir. O cümlədən bizim ərazidə on illərlə qazlaşdırma işləri getməmişdi, hazırda qazlaşdırma işləri gedir çətin vəziyyətə baxmayaraq. Bu iş başa çatmaq üzrədir. Bizim son iki ildə böyük və həll olunmayan problemimiz yaranıb. Böyük İpək Yolunun çəkilişi ilə əlaqədar çayın yatağından külli miqdarda daş götürülüb. Bundan sonra bizim körpümüz dağılıb".

 

Körpünün yerləşdiyi ərazində çay yatağının dərinliyi 8-10 metrə çatır. Bunun səbəbi çayın yataq materialının tikinti şirkətləri tərəfindən daşınmasıdır. Sakinlərin bildirdiyinə görə, ərazidəki dərinliyi 30 metrə çatan göl də çay materialının həddindən çox daşınması nəticəsində yaranıb.

 

Xaçmaz RİH başçısının Aşağı Zeyid inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən aldığımız məlumata görə, ərazidə yeni körpünün salınması böyük maliyyə vəsaiti tələb edir və bu işlə aidiyyəti orqanlar məşğul olmalıdır. Amma mart ayına qədər iki kəndi birləşdirən ərazidə müvəqqəti yolun çəkilişi nəzərdə tutulub.

 

Qeyd edək ki, Ağyazı-Buduq və Alıc-Qışlaq kəndlərini birləşdirən körpü ötən ilin yayında istifadəyə verilib.

 

Müəllif | Apa.Tv
Vəli Turan