Cəlilabadda 20 yaşlı gənc naməlum şəraitdə oğurlanıb
Cəlilabad sakini naməlum şəraitdə oğurlanıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun "Stansiya" deyilən ərazisində qeydə alınıb.
20 yaşlı Radil Mirzəyev səhər saatlarında fermada işləyən atasına nahar aparmaq məqsədilə evdən çıxarkən 4 nəfər maskalı şəxs ona hücum edib. Zorakılığa məruz qalan Radil Mirzəyev bağlı yerdə hətta bir gün saxlanılıb. Zərərçəkənin dediyinə görə, həmin şəxslərin üzündə maska olduğundan onları tanıya bilməyib.
Radil Mirzəyevin üzərindəki mobil telefonun enerjisi bitdiyi üçün doğmaları onunla yenidən əlaqə saxlaya da bilməyib.
Zərərçəkənin anası: "Biz ona zəng vurduq, zəng çatırdı, amma cavab vermirdi. Sonradan yenə zəng vurduq, cavab gəldi, uşaq qışqırırdı ki, məndən nə istəyirsiniz? Məni buraxın. İki saat keçəndən sonra özü zəng vurub dedi ki, mən qaranlıq otaqdayam. Nə şəraitdə bura düşdüyümü özüm də anlamıram".
Axşam saatlarında isə o, evlərindən bir neçə yüz metr aralıda, yolun kənarında huşsuz vəziyyətdə aşkarlanıb. Maskalılar Radili buraxılmazdan əvvəl ona mənşəyi məlum olmayan bihuşedici iynə vurublar.
Radil Mirzəyev, zərərçəkən: "İki qramlıq şprisə nəsə doldurdular, boynumun ardından vurdular. Ondan sonra özümdən getdim".
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş zərərçəkənə müvafiq tibbi yardım göstərilib, onun bədəninə yeridilmiş maddənin mənşəyini müəyyənləşdirməkdən ötrü ekspertiza təyin edilib: "Xəstəxanaya daxil olarkən eyforiya və qıcolma vəziyyətində idi. Müvafiq tədbirlərdən sonra xəstənin vəziyyəti stabildir".
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsi məlumatlandırılıb. Hazırda rayonun hüquq-mühafizə orqanları tərəfindən maskalı şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.