Hökməlidə "Mercedes"lə "Saipa" toqquşdu: sürücü qaçdı

Ötən gecə Abşeron rayonunun Hökməli qəsəbəsində, "Hökməli dairəsi" adlanan yerdə yol qəzası baş verib. APA TV-nin məlumatına görə, iki avtomobilin toqquşduğu qəzada bir nəfər xəsarət alıb.

 

Belə ki, ''Mercedes'' markalı avtomobilin sürücüsü Ziya Mahmudov avtomobili ilə üzü Hökməli qəsəbəsi istiqamətində hərəkətdə olarkən sürət həddini aşıb. Bu zaman  idarəetməni itirən Z.Mahmudovun avtomobili qarşı zolağa keçərək qarşıdan gələn ''Saipa'' markalı avtomobillə toqquşub. Nəticədə ''Saipa"nın hələlik adı məlum olmayan sürücüsü xəsarət alıb. O, avtomobildə sıxışıb qalıb. Digər sürücü Ziya Mahmudov isə avtomobildən düşərək hadisə yerini tərk edib.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Avtomobildə sıxışıb qalan sürücü xüsusi alət və avadanlıqların köməyi ilə maşından çıxarılıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə yol polisi əməkdaşları da gəliblər. Avtomobillər evakuatorlar vasitəsilə cərimə meydançasına aparılıb. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv