Şabranın Əmirxanlı kənd sakinləri: "Qaz olmadığına görə meşələri qırırıq..."

Şabranın Əmirxanlı kəndi rayon mərkəzindən 12 kilometr uzaqda yerləşir. 500-dən çox fərdi evin olduğu kəndə ilk dəfə 1986-cı ildə mavi yanacaq verilib. Lakin 1993-cü ildə qaz verilişi dayandırılıb.

 

APA TV-nin şimal bürosunun xəbərinə görə, kəndə yaxın yerdə meşəlik ərazi var ki, kənd sakinləri evlərini qızdırmaq üçün həmin meşənin ağaclarından istifadə edir. Bu isə ekologiyaya ciddi şəkildə təsir edir.

 

Yavər İbrahimov, kənd sakini: "Yanacaq kimi odundan istifadə edirik. Bu da ilk növbədə meşələrin qırılmasına gətirib çıxarır. İkinci tərəfdən, əhali əlavə vaxt və vəsait itirir. Bu, təbiətə vurulan ziyandır. Digər tərəfdən, hazırda əhalinin maddi vəziyyətini bir qədər də ağırlaşdırır. Bizim ölkənin regionda tayı-bərabəri yoxdur. Geniş neft və qaz ehtiyatlarımız var. Bu gün bizim kənddə qazın olmaması bəzi təşkilatların bundan xəbərsizliyi ucbatındandır".

 

Ceyran Hüseynova, kənd sakini: "Mən özüm tək yaşayıram. Meşədən odun gətirmək, fəhlə tutmaq mənim üçün çox ağır başa gəlir. Mən aidiyyəti qurumlardan xahiş edirəm, bu kəndə baxsınlar. 300-dən çox təsərrüfatımız var. Meşə gözəlliyindən düşür. Meşə qırıla-qırıla gedir, biz məcburuq ki, qıraq".

 

Şabran Rayon İcra Hakimiyyəti başçısının Əmirxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Cəsarət Xəlilov bildirir ki, kənddə əvvəl çəkilən qaz xətlərinin 70-80 faizi normal vəziyyətdədir. Kənd sakinləri də dəfələrlə mavi yanacağın verilməsi üçün aidiyyəti qurumlara müraciət edib.

 

Cəsarət  Xəlilov, icra nümayəndəsi: "Bizim nümayəndəlik 4 kənddən ibarətdir. 1986-cı ildən 1993-cü ilədək qaz olub. Bu kəndlərin heç birində qaz yoxdur. Bu da meşələrin qırılmasına, təbiətin korlanmasına gətirib çıxarır. Əhali qazla təmin olunarsa, şəraitin yaxşılaşmasına, təbiətin qorunmasına səbəb olar. Aidiyyəti qurumlardan çox xahiş edirik ki, bizim 4 kəndin yenidən qazla təmin olunmasına köməklik etsinlər".

 

Qaz xətlərinin çəkilişi və kəndlərin mavi yanacaqla təmini mərhələli şəkildə həyata keçirilir. Xaçmaz Regional Qaz İstismarı İdarəsindən məsələnin tezliklə həll olunacağı bildirilir.

 

Əlibaba Əliyev, Xaçmaz Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi: "Şabran rayonunun 68 kəndinin içərisində elə kəndlər var ki, relyef baxımından həmin ərazilərinin qazlaşdırılması çətindir. Əmirxanlı kəndinin sakinlərinin qazla bağlı müraciətləri "Azəriqaz" İstehsalat Birliyinə çatdırılıb. Həmin kəndin qazlaşdırılması üçün də işlər davam etdirilir".

 

Qeyd edək ki, Şabran rayonunda ötən il 80 faizə qədər abonent mavi yanacaqla təmin olunub.

 

Müəllif | Apa.Tv
Vəli Turan