107 yaşlı Gəncə sakinindən prezident seçkiləri yorumu!

Dediyinə görə hər dəfə ölkədə seçkilər keçiriləndə böyük həvəslə bu kampaniyaya qoşulur. Latın qrafikalı əlifbanı rahat oxuya bilən Avriş nənə prezidentliyə namizədlərin hamısını tanımasa da, bir neçəsi barədə məlumatı var. Hətta onların haqqında məlumatlar oxuyub. Gəncədə yerləşən Dairə Seçki Komissiyalarından verilən məlumata görə, şəhərdə 1906-ci ildə anadan olan Avriş nənə kimi yaşı 100-ü keçən 7 seçici var. Bundan başqa, Gəncədə yaşları 80-100 arası olan 1317 vətəndaş da seçkilərə qatılacaq. Respublikanın ikinci böyük şəhərində 9 oktyabr prezident seçkilərinə kimi 2046 nəfərin 18 yaşı tamam olacaq və onlar ilk dəfə olaraq seçmək hüquqlarından istifadə edəcək. Gəncədə 4 dairə və 107 məntəqə seçki komissiyası var. Bu günə olan məlumata görə seçici siyahılarında 167 min 251 nəfərin adı yerləşdirilib. Məntəqələr təmir edilərək maddi texniki baza ilə, dəftərxana ləvazimatları, müşahidəçilər üçün yaddaş kitabçası və təbliğat-təşviqat materialları ilə təmin edilib. 40 məntəqədə veb-kameralar vasitəsi ilə seçkilər birbaşa internet vasitəsiylə yayımlanacaq. Fiziki imkanları məhdud vətəndaşların seçki məntəqələrinə rahat gəlməsi üçün şəhərdə yerləşən 31 məntəqəsi panduslarla təmin edilib. Təşviqat lövhələri quraşdırılıb. Gəncədə 1062 nəfər müşahidəçi qeydiyyatdan keçib. Onlardan 113 nəfəri siyasi partiyaların xətti ilə 949 nəfəri isə öz təşəbbüsü ilə seçki prosesini izləyəcək. Bundan başqa, ATƏT-in uzunmüddətli müşahidəçilərindən də 4 nəfəri Gəncədə Dairə Seçki Komissiyalarında qeydiyyatdan keçib.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı