Jurnalistin qardaşları Qubada qəzaya düşdü, biri öldü
Qubada iki qardaş qəzaya uğrayıb, onlardan biri ölüb. APA TV-nin şimal bürosunun xəbərinə görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 157-ci km-də qeydə alınıb.
“Ford Tranzit” markalı avtomaşın yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə maşında olan iki qardaş ağır bədən xəsarətləri alıb. Onlardan Anar Ağayev aldığı xəsarətlərdən dünyasını dəyişib, Arzuman Ağayevin vəziyyəti isə orta-ağırdır.
Ramazan Fətəliyev, həkim: "Səhər saatlarında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Ağayev Arzuman Akif oğlu təcili tibbi yardımla xəstəxanaya gətirilib. Xəstənin diaqnozu sağ bud sümüyünün qapalı, yerini dəyişən sınığı olub. Xəstəyə ilkin tibbi yardım göstərilib, stasionarda yerləşdirilib. Vəziyyəti orta ağırdır, müvafiq müalicə davam etdirilir".
Qeyd edək ki, hər iki şəxs Modern.az saytının əməkdaşı Ağa Akifoğlunun qardaşlarıdır. Dünyasını dəyişən Anar Ağayev ailəlidir, iki övladı var.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlanıb.