Ağdamda oğurlanan qoyunlar Ağcabədidən tapıldı: oğru qaçdı

Ağdam polisi fevralın 8-nə keçən gecə oğurlanan iribuynuzlu heyvanların izi ilə gedərək, 5 gün əvvəl oğurlanan xırda buynuzlu heyvanları tapıb.

 

Ağdam Rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov APA TV-yə açıqlamasında bildirib ki, fevralın 8-də saat 06.00-da rayonun Əfətli kənd sakini Zahid Novruz oğlu Əliyev 3 baş iribuynuzlu heyvanının oğurlanması barədə polis şöbəsinə məlumat verib.

 

Əməliyyat qrupu dərhal oğurlanmış heyvanların izinə düşüb. Axtarış tədbirləri nəticəsində oğurlanmış mal-qara Ağcabədi rayonunun Kürdlər kənd sakini, 1980-ci il təvəllüdlü Şirinov Aydın Əhəd oğlunun Kürdlər kəndinin ərazisində yaşadığı fermadakı  tövlədə tapılıb.

 

Zaur Əliyev, zərərçəkən: "Duyuq düşdük ki, tövlədən heyvanları aparıblar. Polis şöbəsinə zəng etdik. Polis işçiləri gəldilər, burdan tövlədən çıxandan sonra heyvanların izini götürdük. İz Qarqar istiqamətinə çıxdı. İz bizi apardı qonşu Kürdlər kəndinə".

 

Polis rəisi E.Qasımov onu da bildirib ki, polis əməkdaşlarının axtarışı nəticəsində Əfətli kənd sakini Hüseynov İlham Cümşüd oğlunun fevralın 5-də oğurlanmış 13 baş qoyunu  A.Şirinovun tövləsində aşkarlanıb.

 

Tapılan mal-qara sahiblərinə qaytarılıb. Polis əməkdaşlarının fermaya gəldiyini görən Aydın Şirinov qaçaraq aradan çıxıb. Onun həyat yoldaşı Gülnar Şirinova polis əməkdaşlarını ərinin oğurluq etdiyini təsdiqləyib. Hər iki fakt üzrə cinayət işi açılıb. Aydın Şirinovun axtarışı davam edir.

 

Qeyd edək ki, Aydın Şirinov əvvəllər CM-nin 149.1 (Zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma), 150.1-ci (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) maddələri ilə məhkum olunub.

Müəllif | Apa.Tv
Apa.tv