Köhnə liftlər həm də təhlükəlidir - SOS

Sona xalanın zarafat etməyə nə yaşı, nə də qarşılaşdığı problemin ağırlığı imkan verir. İllərdi yaşadığı 9 mərtəbəli binanın 7 ci mərtəbəsinə piyada çıxmağa məcburdu. Hər gün yanından keçib getdiyi bu köhnə, xarab lift də ona sanki göz dağı kimi burda durur. Deyir bir məqamda təskinlik tapır ki, lift problemi ilə üzləşən təkcə o deyil, Gəncə sakinlərinin böyük əksəriyyətidi. Gəncə şəhər Kommunal İstehasalat Birliyinin rəis müavini Ədalət Məmmədov da sakinlərin narazılığını haqlı sayır. Sovet dönəmindən qalan köhnə liftlərlə bağlı problemlər öz həllini tapmaq üzrədir. Hazırda Gəncəyə 90-a yaxın müasir tipli lift gətirilir ki, onların quraşdırılmasına da yaxın günlərdə start veriləcək. Eyni zamanda liftləri kənar müdaxilələrdən qorumaq üçün şaxtalarda müşahidə kameraları quraşdırılacağı da bildirilir. Vətəndaşların təhlükəsizliyini təmin etmək üçün isə vahid dispetçer bazası yaradılacaq. Artıq insanlar liftin kabinəsində hansısa problemlə üzləşdikdə müvafiq düyməni basaraq canlı şəkildə dispetçerlə əlaqə yarada biləcək. Xidmət isə günün 24 saatı çalışacaq. Məlumat üçün bildirək ki, Bakı, Gəncə, Sumqayıt şəhərlərinin binalarındakı liftlərin maddi-texniki bazasının möhkəmləndirilməsinə görə, ölkə başçısı tərəfindən 7 milyon manat pul ayrılıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli