Balakəndə "Mercedes" hasara çırpıldı: 1 ölü

Balakəndə baş verən ağır yol qəzasında bir nəfər ölüb. Balakən rayon Polis Şöbəsindən APA TV-yə  verilən məlumata görə, hadisə bu gün gecə saat 01:00 radələrində rayonun Qaysa-Meşə Şanbul yolunda baş verib.

 

Rayonun Meşə Şanbul kənd sakini, 1977-ci il təvəllüdlü Elşən Ramazan oğlu Taşayev “Mercedes” markalı, 10 TN 730 dövlət nömrə nişanlı minik avtomobili ilə Qaysa kəndindən Meşə Şanbul kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək  yolun kənarındakı daş hasara çırpılıb.

 

Qəza nəticəsində ağır bədən xəsarətləri alan və avtomobildə sıxılmış vəziyyətdə olan Elşən Taşayev yaxınlıqdakı kənd sakinlərinin köməkliyi ilə maşından çıxarılaraq Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda ölüb.


Balakən RPŞ-dən bildirilib ki, hadisə şahidlərinin polis əməkdaşlarına verdiyi məlumata görə, avtomobili qəza nəticəsində ölən Elşən Taşayev idarə edib. Lakin qəzaya düşən avtomobildəki izlərlə maşının başqa bir şəxsin idarə etdiyi ehtimal olunur. Qəzanın dəqiq səbəblərini və avtomobil kim tərəfindən idarə edilməsini söyləmək aparılacaq istintaq tədbirlərindən sonra söyləmək mümkün olacaq.


Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov