Bədənə döymə vurdurmaq istəyənlər, DİQQƏT!

Bir vaxtlar kiminsə əlində, qolunda belə yazıları görəndə içimdə qəribə qorxu hissi yaranırdı. Yaxşı yadımdadır, hələ uşaq olanda qonşumuz Davud kişinin əlləri, qolları belə yazı və şəkillərlə dolu idi. Babamla yaxın dost olduğundan tez-tez bizə gələrdi. Elə növbəti gəlişində "ay baba, bu kişinin əlləri niyə belədir” sualını verəndə anlamadığım bir cavab eşitdim. "Müharibə adamıdır, ay bala, ona görə”. Qəribədir, görəsən bütün müharibə adamlarının hamısının qolları, əlləri belə şəkilli olub? Amma yox. Qonşuluğumuzda yaşayan Bəxtiyar axı müharibə görməyib. Amma onun da əllərində qəribə yazılar var. Uşaq marağı ikinci sualımı verməyə məcbur etdi məni: “Ay baba, bəs Bəxtiyar?” “Qızım o da "içəri"dən çıxıb. Hörmətli oğlandır”. Həəə... Qorxu hissi və daha bir müəmma. Bu müəmmalar içində illər keçdi. Düzünü deyim ki, sonralar heç bu barədə maraqlanmadım da. Bəlkə adiləşdiyi üçün, bəlkə də gizli şifrəli şəkil və rəqəmlər yerini adi sadə, başa düşülən sözlərə və ya rəqəmlərə verdiyi üçün. Bu gün yaşadığımız cəmiyyətdə bədəninə şəkil döydürən insanlar o qədər artıb ki, daha görənləri təəccübləndirmir. Xüsusilə də gəncləri. Vaxtı ilə həbsxana həyatı yaşayanların simvolu olan bu döymələr indi yeniyetmələr arasında sadəcə bəzək vasitəsinə çevrilib. Döymə ustası Telman deyir ki, xüsusilə yay aylarında, çimərlik mövsümü başladıqda bədəninə şəkil döydürən gənclərin sayı nəzərə çarpacaq dərəcədə artır. APA TV-nin əməkdaşına bildiriliblər ki, döymə döydürən insanlarla ilk əvvəl psixoloji söhbətlər aparılması vacibdir. Çünki, hər bir insan üzərində döymə daşıyacaq durumda deyil. Mütəxəssisdən onu da öyrəndik ki, sən demə döyməni bədənin xüsusi yerlərinə döydürmək olmaz. Sinir sisteminin müəyyən nöqtələri üzərinə döymə vurulması, müəyyən fəsadlara səbəb ola bilər. Əlin içinə, ayağın aşağı nahiyəsinə şəkil döydürmək məsləhət deyil. Son illər “döymə” qızlar arasında da dəb halı alıb. Bunu deyən usta hesab edir ki, döymə döydürən zaman son dərəcə ehtiyatlı olmaq vacibdir. Ucuz, kustar üsulla döyülən tatuaj sonda müəyyən xəstəliklərə səbəb ola bilər. Din xadimləri iddia edir ki, “döymə” bədənə yasaq sayılan zərərlərdən biridir. Paytaxt sakinləri də son illər sürətlə artan döymə ənənəsinə birmənalı yanaşmır. Kimisi müasirləşməni əsas gətirərək tatuajı bəyəndiyini deyir, kimisi də milli dəyərlərimizi önə çəkərək bədənə şəkil döydürməyi pisləyir. Hər halda döymə döydürərkən yüz ölçüb, bir biçmək vacibdir. İlk əvvəl ona görə ki, bir sıra hallarda döymə insan sağlamlığına zərər vurduğu kimi, sonradan silinməyə də bilər. Buna görə də qərar qəbulu zamanı “sonrakı peşmançılıq fayda verməz” məsələni bir daha yada salın.

 

Müəllif | Apa.Tv