Bakıda iki uşaq anası doğuşdan sonra öldü
Ötən gecə Sabunçudakı 3 saylı Şəhər Klinik Xəstəxanasında ölüm faktı qeydə alınıb. APA TV-nin məlumatına görə, Beyləqan rayonunun Nil qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü iki uşaq anası Xanəliyeva Elnurə Elman qızı doğuşdan sonra ölüb.
Qripə yoluxmuş 8 aylıq hamilə qadın bir necə gün öncə Sabunçu xəstəxanasına gətirilib. Xəstənin əmisi Etibar Xanalıyevin iddiasına görə, xəstəni yoxlamadan qeysəriyyə əməliyyatı ediblər: "Bizi qoymadılar, uşağımızı başqa özəl xəstəxanaya aparaq. Mərhum nəfəs almaqda çətinlik çəkirdi. Yoldaşı Sabunçu xəstəxanasına gətirdi ki, həkimlər onu müayinə etsinlər. Yəni doğuşa görə xəstəxanaya gəlməmişdi. Həkimlər qərar veriblər ki, xəstə qeysəriyyə əməliyyatı olunmalı və uşaq götürülməlidir. Bu zaman ağ ciyərində problem yaranıb və xəstə komaya düşüb. İki gün xəstə süni nəfəs aparatına bağlanıb. Sonra qəfil dünyasını dəyişib".
Xəstəxanadan APA TV-yə bildirib ki, həkimlər lazımi bütün müdaxiləni ediblər. Uşaq sağ qalsa da, ananı xilas etmək mümkün olmayıb. Xəstəxananın baş həkimi Fikrət Zeynalov aparılacaq araşdırmanın nəticəsindən sonra açıqlama verəcəyini bildirdib.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Liya Bayramova da APA TV-yə açıqlamasında faktın araşdırılacağını, yalnız bundan sonra nazirlik tərəfindən məsələyə mövqe bildiriləcəyini vurğulayıb.