PKK Türkiyəni qana boyadı: 8 şəhid
Ötən gün Türkiyə üçün ağır günlərdən olub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, üçü polis, üçü hərbçi, ikisi məmur olmaqla 8 nəfər şəhid olub.
Səhər Ankara GATA-da müayinə olunan bir polis və bir hərbçi şəhid olub. Eyni saatlarda Şırnakda məmurları daşıyan avtomobil partladılıb, nəticədə iki məmur həyatını itirib. Cizrədəki əməliyyatlarda bir polis, bir hərbçi şəhid olub. Şırnakda zirehli avtomobilin raketlə vurulması nəticəsində bir polis həyatını itirib. Son acı xəbər isə Şırnakın İdil rayonundan gəlib. Burda bir hərbçi şəhid olub. Ölənlərdən başqa onlarla yaralı var.
Qeyd edək ki, Türkiyədə PKK terror təşkilatına qarşı uzun müddətdir əməliyyatlar həyata keçirilir. Terrorçularla mübarizə artıq bəzi şəhər və qəsəbələrdə gedir. Buna səbəb PKK-çıların yaşayış yerlərinə silah-sursat daşıyaraq dövlətə qarşı çıxması, özlərinin "idarəçilik orqanlarını" yaratmasıdır.