Nyu-Hepşir praymerizi: Klinton Sandersə böyük fərqlə uduzdu
ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən ilkin səsvermədə keçmiş dövlət katibi Hillari Klinton builki seçkilərdə demokratların prezidentliyə namizədi olmaq uğrunda aparılan mübarizədə məğlubiyyətini etiraf edib.
APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, çərşənbə günü tərəfdarları qarşısındakı çıxışında Hillari Klinton rəqibi Berni Sandersi qələbəsi münasibətilə təbrik edərək, bu vaxtadək onu dəstəkləyənlərə təşəkkür etməyi də unutmayıb.
Bu arada keçmiş dövlət katibi həmçinin hər ştatda səs toplamaq uğrunda mübarizəsini davam etdirəcəyini və amerikalıların tələb etdiyi dəyişikliklərin reallaşması üçün çalışacağını da qeyd edib. O, yekun nəticədə praymeriz mərhələsində qalib gələcəyinə və ümummilli seçkilərdə partiyasının namizədi olacağına əmin olduğunu vurğulayıb.
Seçiciləri qarşısında çıxışı zamanı onu həyat yoldaşı, Birləşmiş Ştatların sabiq prezidenti Bill Klinton və qızı Çelsi müşayiət edib. Çıxışına başlamazdan öncə xanım Klinton rəqibinə zəng edərək, qələbə münasibətilə onu şəxsən təbrik edib. Bununla belə, Hillari Klintonun seçki qərargahı bir qədər öncə amerikan mətbuatı tərəfindən onun Nyu-Hempşirdəki məğlubiyyəti kimi dəyərləndirilən bəyanat yayıb.
Seçki qərargahının meneceri Robbi Muk isə mətbuata açıqlamasında bildirib ki, partiyanı keçiriləcək seçkilərdə təmsil edəcək namizədin kim olacağı fevral ayında deyil, martda bəlli olacaq: "Biz güman edirik ki, Hillari Klintonun növbəti ayda partiya təmsilçilərinin dəstəyini qazanmaq üçün əla şansı var".
Yekun nəticələrə əsaslanan ekspertlər isə özünü "demokratik sosialist" adlandıran və son aylarda gənclər də daxil olmaqla, amerikalıların rəğbətini qazanmış 75 yaşlı senator Sandersin qələbə qazanacağına şübhə etmədiklərini bildirir.
Qeyd edək ki, hazırda ümumi nəticələrə görə, B.Sanders 60, Hillari Klinton isə 40 faiz səs toplayıb.