Ötür-ötür oyunu: Suraxanı sakinlərinin əbədi-əzəli lift problemi - REPORTAJ

İstər Bakının mərkəzində, istərsə də paytaxtın ayrı-ayrı rayonlarında çoxmərtəbəli binalarda yaşayan sakinləri qayğılandıran və ən çox narahat edən məsələlərdən biri lift problemidir. Bakıdakı çoxmənzilli sovet binalarının əksəriyyətində lift ya, ümumiyyətlə, işləmir, ya da müəyyən qrafik əsasında fəaliyyət göstərir.

 

Suraxanı rayonu, Muxtar  Fətəliyev, 15 ünvanında yerləşən 9  mərtəbəli binanın sakinləri ilin bütün fəsillərində lift üzünə həsrətdir. Sakinlər bununla bağlı dəflərlə aidiyyəti qurumlara müraciət etsələr də, onların dərdlərinin əlacı tapılmır ki, tapılmır.

 

Sakinlərin problemi ilə daha yaxından tanış olmaq üçün sözügedən binanın yerləşdiyi əraziyə baş çəkdik. Məlum oldu ki, binanın lifti 2015-ci ilin son 6 ayı tam fəaliyyətdə olub, buna qədər isə sakinlər lift xidmətindən istifadə etməyə çalışsalar da, onların bu arzusu ürəyində qalıb. 2016-cı ilin yanvarın 3-də isə 9 mərtəbəli binanın liftinin mühərrikində yanğın baş verib. Liftin işləməməsi sakinlər üçün əlavə problemlər yaradıb. Xüsusilə də yaşlı insanlar və uşaqların yuxarı mərtəbələrə qalxmasında çətinliklər meydana çıxıb.

 

Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4048, 8-ci binanın üçüncü blokunun sakinlərinin  də lift problemi bitib-tükənmir. Köhnə binaların sakinləri tez-tez liftdə qalırlar. O da əgər lift işləyərsə. Sakinlər deyir ki, ümumiyyətlə, Suraxanıda sovet dövründə tikilən binalar üstünlük təşkil edir. Uzun illərdir istismar edilən yaşayış evlərinin lift sistemlərində bu səbəbdən problemlər yaranır.

 

Bakıdakı liftlər "Bakı Lift-Təmir" İstehsalat Birliyinin balansında olduğundan üz tutduq birliyin "Baklift-2" idarəsinə. İdarənin baş mühəndisi Nuşirəvan Şahverdiyev deyir ki, 2016-cı il yanvarın 3-dən etibarən sözügedən binada liftin  mühərriki  sıradan çıxıb. Lift mühərrikinin təmirinə isə Suraxanı rayonu 137 saylı Mənzil-Kommunal İstismar Sahəsi cavabdehdir. Çünki liftlərin işlək vəziyyətdə olmasına Bakı Şəhər İcra Hakimiyyəti nəzarət edir. Son illərdə yüzdən artıq binanın liftlərində yenilənmə işləri aparıldığını deyən baş mühəndis sovet dövründən qalma binalarda lift üçün qurulan infrastrukturun  müasir tələblərə cavab vermədiyini,  vaxtaşırı sıradan çıxdığı qeyd edib.

 

Suraxanı rayonu, Muxtar  Fətəliyev, 15 ünvanında yerləşən 9  mərtəbəli binada qaçqın və məcburi köçkünlərin məskunlaşdığına diqqət çəkən Nuşirəvan Şahverdiyev deyir ki , liftin təmirinə maliyyə vəsaiti ayrılması üçün Suraxanı rayonu 137 saylı Mənzil-Kommunal İstismar Sahəsinə müraciət etsə də, məsələ hələ də öz həllini tapmayıb: "Mənzil istismar idarəsi liftin üstündən qoruyucu təbəqə - tol çəkməlidir ki, havalar soyuq olanda qar, yağış içəri dammasın. Əks təqdirdə, mühərrikin təmirdən çıxması onun yenidən yanması ilə nəticələnəcək. Bu da həm sakinlərə, həm də bizə ziyandır. Mənzil İstismar İdarəsi cavabdehdir. Çünki liftin sahibi biz deyilik, "Bakı Lift-Təmir" liftlərə xidmət edir. Xidmət haqqı isə 20 qəpikdir. Biz hər lifti idarənin öz hesabına yığdırsaq, idarə işçilərinin aylıq məvaciblərini verə bilmərik".

 

"Bakı Lift-Təmir" İstehsalat Birliyinin balansında olan Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048 ünvanındakı binanın liftinin işləməməsinə gəlincə, Nuşirəvan Şahverdiyev deyir ki, burada liftin qəzalı vəziyyətə düşməsinə səbəb idarə deyil, sakinlərdir: "Suraxanı rayonu Qaraçuxur qəsəbəsi 4048 ünvanındakı binanın liftinin yanmasına səbəb rayon ərazisində işığın tez-tez yanıb sönməsi və əhalinin liftdən düzgün istifadə etməməsidir. Lifti həddən ziyadə gücə salırlar. Bu liftlər hamısı köhnə liftlərdir, maksimum tutumu 320 kiloqramdır. Amma buna məhəl qoyan yoxdur. Liftə 320 yox, 380 kiloqram yük yığanlar da var. Evlərini təmir edən bina sakinləri liftlə daş və zibil daşıyırlar. Buna görə də mühərrik gücə düşür və sıradan çıxır. Hazırda Qaraçuxur qəsəbəsi, 4048 ünvanındakı liftin mühərriki yığılıb, bizim idarə üzərinə düşən işi görüb, amma bina sakinlərinin "Baklift-2" idarəsinə 105 manat borcu var. İşıq yanıb-sönəndən sonra əyləc dolağı gücə düşüb və yanıb, eyni zamanda mühərrik də yanıb. İkisi birlikdə yandığından liftin mühərrikini biz idarə hesabına yığdırdıq, amma əyləc dolağının təmiri sakinlərin abunə borcları ödənmədiyinə görə dayandırılıb. Əgər bu gün abunə borcları ödənsə, sabah lift tam təmirli vəziyyətdə sakinlərin istifadəsinə veriləcək".

 

Lift təmirinə cavabdeh olan Suraxanı rayonu 137 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi Oruc İbrahimov isə deyir ki, Bakıdakı liftlər "Bakı Lift-Təmir" İstehsalat Birliyinin balansında olduğundan mənzil-kommunal istismar sahəsi heç bir məsuliyyət daşımır: "Liftin təmirinə "Baklift" baxır. Onların nəzarətçiləri isə Mənzil-Kommunal İstismar Sahəsinin işçiləridir. Bizim öhdəliyimizə düşən isə liftə nəzarət etmək, təmizliyinə riayət etməkdir. Təmirinə isə dediyim kimi, “Baklift" baxır. Biz mütəmadi olaraq liftlərə nəzarət edirik. Hər gün işçilərimizdən məlumat alırıq. Son üç gün ərzində rayon ərazisində liftin işləməsi ilə bağlı heç bir məlumat almamışıq. Hesab edirəm ki, liftlərdə vəziyyət yaxşı olduğundan bizə məlumat verməyiblər. İşləmədiyi vaxtda aidiyyəti  qurumlara xəbər veririk".

 

Bakı Şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsarrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Bahadur Əsədov əvvəlcə sözü gedən hər iki ünvanda liftlə bağlı yaşanan problemdən bizim gəlişimizdən sonra xəbərdar olduğunu deyir: "137 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi və "Baklift-2" idarəsinin baş mühəndisi ilə əlaqə saxladım. Artıq "Baklift-2" idarəsinə tapşırıq verdik ki, lifti təmir etsinlər, çünki onlar bilavasitə lift üzrə mütəxəssisdirlər. Liftin təmirinin maliyyə xərci isə tərəfimizdən ödəniləcək. Çox qısa müddətdə sakinlərin bu narahatçılığına son qoyulacaq".

 

Nə deyirik, gözləyək!

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı