Rusiyalı diplomat: "Nüvə silahlarını məhdudlaşdırmayacağıq"
"Rusiya bundan sonra strateji nüvə silahlarının məhdudlaşdırılması məsələsində Birləşmiş Ştatlarla əməkdaşlıqda hələlik heç bir perspektiv görmür". APA TV-nin məlumatına görə, bu fikirləri Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyak "Rossiya-24" telekanalına müsahibəsində səsləndirib.
"Bizə nüvə silahlarının məhdudlaşdırılması prosesinin davam etdirilməsi tövsiyə olunur, bu isə bizim əsas müdafiə potensialımızdır. Üstəlik, eyni zamanda Birləşmiş Ştatlar müdafiə nöqteyi-nəzərindən malik olduğu silah potensialını əvəzləyəcək yeni sistemlərin tətbiqini planlaşdırır. Belə olmaz. Biz hər vəziyyətdə istər dövlətimiz, istərsə də xalqımızın təhlükəsizliyini təmin etməyə borcluyuq" - deyə o qeyd edib.
Sergey Kislyak Amerikanın malik olduğu müdafiə silahları potensialını kompensasiya etməsinə nümunə olaraq qlobal raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsi və nüvə tərkibinə malik olmayan yeni silah növlərinin yaradılmasını göstərib.