Bakıda V Vergi Forumu keçirilir
Bakı Biznes Mərkəzində Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı V Vergi Forumu keçirilir.
APA TV-nin məlumatına görə, forumda Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, digər dövlət orqanlarının, Milli Elmlər Akademiyasının müvafiq strukturlarının, Dünya Bankının, yerli bankların, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin, kütləvi informasiya vasitələrinin nümayəndələri və iş adamları iştirak edirlər.
Forumda çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Azərbaycan öz iqtisadi potensialını ildən-ilə artırır, dünyada cərəyan edən proseslərə, zamanın yeni çağırışlarına adekvat cavablar verir.
Sahib Ələkbərov qeyd edib ki, yaranmış yeni iqtisadi şərait dövlət-biznes tərəfdaşlıq münasibətlərinin qarşılıqlı faydalılıq, partnyorluq şəklində qurulmasını tələb edir. Dövlət üzərində düşən vəzifələri yerinə yetirməyə, sahibkarlığın inkişafı üçün mövcud biznes mühitini daha da yaxşılaşdırmağa, dünya böhranlarının Azərbaycana təsirini azaltmağa, vətəndaşlarımızı onun neqativ təsirlərindən qorumağa, ölkəmizin sosial-iqtisadi inkişafının sabitliyinin təmin olunmasına çalışır. Bu strategiyanın gələcəkdə də davamlı olması üçün dövlət büdcəsinin gəlirləri artmalıdır və bu işdə biznes strukturları və fərdi sahibkarların da üzərində mühüm vəzifələr düşür.