Lənkəranda "Jiquli" mikroavtobusla toqquşdu: ağır yaralılar var
Lənkəranda iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəranın İstisu qəsəbə sakini, 1993-cü il təvəllüdlü Elmar Vidadi oğlu Abdullazadənin idarə etdiyi “Mercedes” markalı 10 KV 693 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu rayonun Girdəni kənd sakini, 1990-cı il təvəllüdlü Əli Xanoğlan oğlu Mirzəyevin idarə etdiyi “VAZ-21011” markalı, 42 BA 357 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.
Güclü zərbədən “VAZ-21011”-ə ciddi ziyan dəyməklə yanaşı, onun sürücüsü və yanındakı sərnişini olan həmkəndlisi, 1994-cü il təvəllüdlü Ülvi Həsənəli oğlu Babazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralılara müvafiq tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.