Nəvəsini boğaraq öldürən baba danışdı: "Mənə qeyrətsiz dedi, boğub öldürdüm"
Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda baş vermiş qətlin təfərrüatı məlum olub. Nəvəsini qətlə yetirən baba törətdiyi cinayətin səbəblərindən danışıb.
Xatırladaq ki, Ağdam rayon sakini 71 yaşlı Rakif Bayramov 16 yaşlı nəvəsi Tural Bayramovu yaşadığı evdə boğaraq amansızlıqla qətlə yetirib. İstintaqa ifadə verən Rakif Bayramov hadisədən bir neçə gün əvvəl Rəsulzadə qəsəbəsində yaşayan qızının evinə gəldiyini söyləyib. O, yeniyetmə nəvəsi Tural Bayramovu evə gec gəlməsinə və anasının sözünə baxmamasına görə danlayıb. Nəsihətə qulaq asmayan nəvəsi onu söyəndə Rakif Bayramov Turalı qətlə yetirib:
“Mən şəhid ailəsiyəm. Sənin şəhidinin də qəbrini belə-belə edim dedi. Əsəblərimi cilovlaya bilmədim, o hadisəni törətdim. Onu boğub öldürdüm”.
Hadisədən sonra Rakif Bayramov nəvəsinin meyitini ədyala bükərək, çarpayının altında gizlədib. Meyit bir neçə gün orda qalıb. Rakif Bayramovun özü isə yaşadığı Ağdam rayonunun Çəmənli kəndində gedib. Yeniyetmə Tural Bayramovun anası və bacısı evə gəlmədiyi üçün onu axtarmağa başlayıblar.
“Gəldim rayona. Öz maşınımı işə saldım. Məqsədim var idi ki, mən bunu itirməyim, atmayım, dəfn edim. Ona mən çörək vermişəm. “06” maşınım var. Səhər saat 8 radələrində gəldim Bakıya. Onu qoydum maşına, getdim. Zəng elədim ki, uşaq tapılıb, onu öldürüblər, gətirirəm dəfn etməyə”.
Babası Tural Bayramovu Çəmənli kənd qəbiristanlığında şəriət qaydalarına uyğun dəfn edib. Hadisədən xəbər tutan Binəqədi polis və prokurorluq əməkdaşları dərhal rayona gedərək, araşdırmalara başlayıblar. Meyit məhkəmənin qərarına əsasən dəfn olunduğu yerdən çıxarılaraq ekspertizaya təqdim edilib.
Dindirmə zamanı Rakif Bayramov əməli tək törətdiyini və qətlə söyüşün səbəb olduğunu deyib.
Sosial şəbəkələrdə hadisənin namus üstündə, daha doğrusu Tural Bayramovin doğma bacısına sataşdığı üçün babası tərəfindən qətlə yetirildiyi barədə məlumat yayılmışdı. Mərhumun nənəsi Güllü Bayramovanın sözlərinə görə hadisənin namus məsələsi ilə heç bir əlaqəsi yoxdur:
“Kişi ilə dalaşıb. Deyib ki, sən qeyrətsizsən. O da dözməyib. Deyib ki, mən nə təhər qeyrətsizəm? Mən 7 oğul saxlamışam, şəhidim var mənim. Mən qeyrətsiz baba deyiləm axı. Şəhidinə söydüyünə görə özündən çıxıb. Deyir ki, “qeyrətsiz” sözünə görə bağışlayardım, amma sonra şəhidimə söydü deyə bağışlaya bilmədim, belə etdim”.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin detalları araşdırılır.