Şəhid hərbçimiz Tovuzda dəfn olundu

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Tovuzda dəfn olunub.

 

APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə, fevralın 10-da düşmən təxribatı nəticəsində şəhid olan 1990-cı il təvəllüdlü Quliyev Rahib Nəriman oğlu doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Milli Məclisin deputatı Qənirə Paşayeva, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparat işçiləri, müxtəlif idarə və müəssisələrin nümayəndələri, rayon ictimaiyyətinin təmsilçiləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və əsgər yoldaşları iştirak ediblər.

 

Çıxış edənlər Rahib Quliyev haqqında danışaraq onun mərd, cəsur bir hərbçi olduğunu, verilən tapşırıqları layiqincə yerinə yetirdiyini bildiriblər.

 

Qeyd edilib ki, Rahib hər zaman vətən yolunda canından keçməyə hazır olub.

 

Müdafiə Nazirliyinin rəsmiləri şəhidin ailəsinə, yaxınlarına baş sağlığı veriblər.

 

Qeyd edək ki, Rahib ailənin tək oğul övladı idi. 

Müəllif | Apa.Tv
Apa.tv