ABŞ-ın Nebraska ştatı Xocalı qətliamını tanıyıb
ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya verilən məlumata görə, Nebraska ştatının qubernatoru Pit Rikets bəyannamə imzalayaraq, 26 fevral tarixini ştat ərazisində “Xocalını Anma Günü” elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb.
Qubernatorun imzaladığı bəyannamədə Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir.
Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Bəyannamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl tərəfindən də imzalanıb.
Bu bəyannamə, Nebraska ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir.